Ümumi məlumat

Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında kifayət qədərə vacib və əhəmiyyətli sahələrdən biridir. Tarixən Azərbaycanda əhalinin böyük əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olub, ölkəmiz hələ Sovetlər dönəmində kənd təsərrüfatının inkişafına görə daim ön sıralarda qərarlaşıb. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Məhz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd çərçivəsində kənd təsərrüfatının inkişafının prioritet elan olunması da bu məqsədə xidmət edir. Bu, kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunmasının və onun rəqabətqabliyyətli sektora çevrilməsinin strateji hədəf olduğundan xəbər verir. Hədəfə nail olunması isə Azərbaycanda çoxsahəli kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təminatına töhfə verəcək. Bütün bu qeyd olunan məsələlərin həlli ölkədə rəqabətqabiliyyətli kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun inkişafı üçün əlverişli mühit yaradacaq. 

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin əsas məqsədi də dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir: 

  • ölkə daxilində və xaricində kənd təsərrüfatı məhsullarına olan tələb və təkliflər araşdırılır, alınmış məlumatlar əsasında satış strategiyası hazırlanır;
  • alıcılar və satıcılar arasında əlaqənin qurulması təşkil edilir;
  • ixracata yönəldilmiş istehsalın təşviqi və yerli məhsulların brendləşməsi üçün lazımi addımlar atılır;
  • daxili və xarici bazarda kənd təsərrüfatı məhsullarına yaranmış tələbə uyğun olaraq məhsulların istehsal həcminin artırılması məqsədi ilə istehsalçılara tələb olunan maliyyə dəstəyinin verilməsində köməklik göstərililir;
  • xarici ölkələrin rəsmi qurumları və beynəlxalq təşkilatlarla danışıqlar apararaq məhsulların birgə istehsala hazırlığı və satışı təşkil edilir;
  • ixrac üçün nəzərdə tutulan yerli məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasında iştirak edilir;
  • istehsalçılara daxili və xarici bazarın tələbatına uyğun satışın artırılması məqsədi ilə tövsiyyələr verilir;
  • satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması üçün müvafiq təkliflər verilir;
  • məhsulların satışı, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübə öyrənilir, bu sahədə kadr hazırlığı və beynəlxalq əməkdaşlıq həyata keçirilir.