Xəbərlər

Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb

20 / 09 / 2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub.

Səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. 

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram melit sortu xiyar məhsulu Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb. Alınmış məhsulların “Araz” supermarketlər şəbəkəsi vasitəsilə satışı həyata keçirilib.

Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumunun imzalanması barədə razılıq əldə olunub.