Rəhbərlik

Direktor

Leyla Məmmədova

Leyla İlqar qızı Məmmədova Qafqaz Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili almış, daha sonra Cenevrə Biznes Məktəbində Bankçılıq və Maliyyə ixtisası üzrə Magna Cum Laude fəxri dərəcəsi ilə məzun olmuşdur. O, Moskva Biznes Menecmenti Məktəbinin, Türkiyənin Ziraat Bank Akademiyasının və ADA Universitetinin ixtisasartırma proqramlarının, həmçinin İspaniyada OBS Biznes Məktəbi və Barselona Universitetinin beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti ixtisası üzrə magistratura proqramının məzunudur.

Əmək fəaliyyəti dövründə dövlət səhmli “Azər-Türk Bank” ASC-də Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra karyerasını “Sinam” informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirmişdir.

2018-ci ildən Dövlət Aqrar Ticarət Şirkətinin direktorudur.

Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst ünsiyyət qurur, fransız dilində orta, gürcü dilində zəif danışır. 

Direktor müavini

Sərxan Sərxanov

Sərxan Həsənağa oğlu Sərxanov Odlar Yurdu Universitetində Maliyyə ixtisası üzrə bakalavr, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Sosial Universitetində Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almışdır. O, İspaniyada OBS Biznes Məktəbi və Barselona Universitetinin beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti ixtisası üzrə magistratura proqramının məzunudur. 

Əmək fəaliyyətinə korporativ müştərilərə xidmət sahəsində başlamış, uzun müddət korporativ satışlar sahəsində çalışmışdır. Daha sonra əmək fəaliyyətini Kapital Bankda müxtəlif vəzifələrdə davam etdirmiş, eyni zamanda menecer, şöbə rəisi vəzifələrini icra etmişdir.

2018-ci ildən Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavinidir.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir və sərbəst ünsiyyət qurur.