Maarifləndirmə

Qərzəkli meyvə bıtkilərinin becərilməsi

Qərzəkli meyvə bıtkilərinin becərilməsi

Qərzəkli meyvə bitkiləri qrupuna qoz, fındıq, şabalıd, badam, püstə və sair bithilər aiddir. Bu bitkilər dünya miqyasında geniş yayılmış, meyvələrinin yüksək qidalılıq xüsusiyyətinə və oduncağının mebel sənayesində böyük əhəmiyyətinə görə çox qədimdən insanlar tərəfindən qiymətləndirilmiş və geniş sahələrdə becərilmişdir. Bağın salınması və qulluq. Qoz bitkisi üçün seçilmiş sahələr qalın şum qatlı, qrunt suları dərində olan, yaxşı su və hava keçirmə qabiliyyətli, orta sıxlığa malik münbit torpaq sahələri olmalıdır. Şoran, qrunt suları üzdə olan, su və hava keçirmə qabiliyyəti zəif torpaqlar qoz üçün yaramır. Seçilmiş sahə digər meyvə bitkilərində olduğu kimi hazırlanır. Sahə hazırlandıqdan sonra bölünür və ağaclar qida sahəsi, hündür boylular üçün 12-10 x10-8 m, orta və gödək boylular üçün 8-6 x 5-4 m verilməklə əkilir. Şabalıd üçün onun ekoloji tələbinə uyğun sahələr seçildikdən sonra, sahə payızdan dərin (60-70 sm) plantaj şumu edilir. Ağacları uzun ömürlü, geniş çətirli və işığa tələbkar olduğundan qida sahəsi 15-20 x15-20 m, badam ağacları üçün isə qida sahəsi 7-8 x 7-8 m verilir. Əkin payızda aparılır.

Gübrələmə və suvarma qoz və fındıq bitkilərinə müsbət təsir göstərir. Hektara 60 kq təsiredici maddə hesabı ilə azot, fosfor və kalium verilməsi məhsuldarlığı xeyli artırır. Vegetasiya dövründə 3-4 dəfə suvarma böyümə və inkişafa müsbət təsir edir. Suvarma əsasən apreldə və iyulda aparılır.

Fındıq bitkiləri 8-10 gövdəli kol şəklində formalaşdırılır. Çiçək tumurcuqları birillik budaqlarda yaranır. Belə budaqlar 7-10 il ərzində məhsul verir. Bundan sonra onlar kəsilib atılır. Budama zamanı gövdələrin ucları vurulur, pöhrələr kəsilir, keçən il məhsul vermiş budaqlar 2-3 tumurcuğa qədər gödəldilir. Artırılması. Qoz və şabalıd ağacları toxum və calaqla artırılır. Toxumla artırılan əksər sortlar irsi əlamətlərini qoruyub saxlaya bilmir. Buna görə də bu üsul calaqaltı materialın becərilməsi üçün istifadə edilir. Qoz üçün ən çox «lülə» göz calağından istifadə edilir. Bəzi hallarda qələm calağı da tətbiq edilir. Calaq olunmuş bitkilər tez böyüyür və ikinci il bağ salmaq üçün yararlı olurlar.
Fındıq əsasən kök pöhrəsi, basma və kolların bölünməsilə artırılır. Pöhrələr qabaqcadan nişanlanmış kollardan götürülür. Əsasən 2-3 illik pöhrələr çıxarılır. 

Qərzəkli meyvə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri. Qərzəkli meyvə bitkilərinin əsas xəstəlikləri qonur ləkə, qara ləkə, fitoftoroz, gövdənin qonur və ağ çürüməsi, monilioz, xərçəng, bakterioz və sair xəstəliklərdir.

Xəstəliklərə qarşı mübarizə məqsədi ilə digər bitkilərdə olduğu kimi aqrotexniki tədbirlər tam yerinə yetirilməli, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2%-li Dnok (hektara 10-20 kq), yaxud 2-3%-li nitrofen (hektara 40-60 hesabı ilə) preparatları ilə çiləmə aparılmalıdır.

Qərzəkli meyvə bitkilərinin əksər xəstəliklərinə qarşı tumurcuqlar açılana kimi 3-5% bordo mayesi ilə yaşıl çiləmə aparılmalı, vegetasiya müddətində isə 1%-li bordo mayesi və ya onun əvəzediciləri olan preparatlardan istifadə edilməklə bir neçə dəfə çiləmə aparılmalıdır. İşçi məhlulun hektara çiləmə norması vegetasiya müddətindən asılı olaraq 800-1200 litr təşkil edir.

Qərzəkli meyvə bitkilərinin əsas zərərvericiləri olan güvə, yarpaqbükən mənənə, meyvə qurdları və digər həşəratlara qarşı aqrotexniki və kimyəvi mübarızə tədbirlərindən istifadə edilir. Kimyəvi mübarızə tədbirləri kimi zərərvericilərə qarşı Desis (0,5 L/ha), Bi-58 (2.0 L/ha), Karate (0.6-1.0 L/ha) və sair preparatlardan istifadə edilməklə bağların çilənməsi yüksək səmərə verir.

Sortlara tələb 
Qoz bitkisinin 40-a qədər növü vardır. Respublikamızda təbii halda yayılmış və böyük təsərrüfat əhəmiyyəti olan növ Yunan qozudur. Qozun respublikamızda xalq seleksiyası nəticəsində yaradılmış bir sıra yerli sortları vardır. Eyni zamanda respublikamız üçün prespektivli olan bir sıra gətirilmə qoz sortları da becərilir. Bunlar Seyfı, Suğra, Araz, Disar,Vənənd, Car,Dindi, Qam, Ideal sortlarıdır.Fındıq bitkisi 20-yə qədər geniş yayılmış növü birləşdirir. 
Bu növlər Avropa Asiya və Şimali Amerikada yayılmışlar.Respublikamızda uzun müddətli seçmə nəticəsində, xalq seleksiyasının məhsulu olan sortlar Ata-baba,Yağlı fındıq,Gəncə fındığı, Əşrəfi və həmçinin gətirilmə Kudryavçik sortu geniş becərilir. Şabalıdın respublikamızda təbii halda bir növünün - adi şabalıdın İrimeyvəli, Xırdameyvəli sortları yayılmışdır. Badam bitkisinin 50-yə qədər növündən böyük əhəmiyyət kəsb edəni Adi badamdır. Ölkəmizdə badamın Nekplyus, Ultra, Nikitskiy-62, Norparel, Kağızqabıq sortları becərilir.