Maarifləndirmə

Şəkər çuğundurunun becərilmə aqrotexnologiyası

Şəkər çuğundurunun becərilmə aqrotexnologiyası

Torpağın becərilməsi. Şəkər çuğunduru güclü kök sisteminin inkişafı, aktiv mikrobioloji proseslərin getməsi, ehtiyat nəmliyin və qida maddələrinin toplanması üçün əlverişli olan qalın şum qatına malik qida maddələri ilə zəngin torpaqları sevən bitkidir. Becərmə texnologiyasında əsas şərtlərdən biri olan sağlam və bərabər çıxış alınması məhz payız və yaz aylarında torpağın keyfiyyətlə hazırlanmasından asılıdır. Torpağın becərilməsinin əsası dərin dondurma şumudur. Dərin dondurma şumu torpaqlarda qışlayan zərərvericilərin sayının azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu şum torpaqlarda rütubəti toplamaq və saxlamaq, payız-qış yağıntılarından səmərəli istifadə etmək üçün, xüsusu ilə alaq otlarına qarşı mübarizədə güclü vasitədir. Belə ki, cücərmiş alaq otları səpinqabağı malalama zamanı məhv olur.
Dondurma şumunun sentyabr-oktyabr aylarında sahələrə peyin və mineral gübrələr (fosfor, kalium) verildikdən sonra 28-32 sm dərinlikdə ikiyaruslu kotanla aparılması daha yaxşı nəticə verir. Bu zaman kövşən qalıqları və alaq otlarının toxumları dərinə basdırılır.
Toxumun səpinə hazırlanması. Şəkər çuğundurunun səpini yalnız bölgələr üzrə rayonlaşdırılmış sortlarının yüksək reproduksiyalı toxumlarından istifadə etməklə aparılmalıdır. Həmin toxumlar standartın tələblərinə cavab verməli, kondisiyaya uyğun olmalıdır (cücərmə qabiliyyəti 85 %-dən çox, zibillik 2 %-dən az, sort təmizliyi 98 %, eyni ölçüdə olması 75 %-dən çox, toxumların ölçüsü 3,5-4,5 mm və ya 4,5-5,5 mm, cücərmə enerjisi 95 %-dən çox). Toxumlar səpindən qabaq cilalanmalı, toxumlu kələfciklər ayrı-ayrı meyvəciklərə (tək toxumlu) xırdalanmalıdır.
Erkən və sağlam çıxış almaq üçün toxumlar səpinqabağı otaq temperaturunda 1-2 gün ərzində nəmləndirilməli və sonra səpələnən forma alana qədər qurudulmalıdır.
Bir qayda olaraq, şəkər çuqundurunun toxumlarını səpinqabağı kökçürümə xəstəliyinə qarşı mübarizə məqsədi ilə TMTD (10 kq/ton) və ya fundazol (3 kq/ton) preparatlarından biri ilə dərmanlamaq lazımdır. 
Səpin. Şəkər çuğundurunun səpini, onun becərmə texnologiyasında xüsusi diqqət tələb edən çox əhəmiyyətli əməliyyatlardan biridir. Onun vaxtında və keyfiyyətlə keçirilməsindən nəinki məhsuldarlıq və şəkərlilik, həmçinin becərilməsinə tələb olunan əmək sərfi və maya dəyəri də asılıdır.
Səpin normasını müəyyən edərkən toxumun keyfiyyət göstəricilərindən başqa, sahənin alaqlanma dərəcəsi, ziyanvericilərlə sirayətlənməsi və işçi qüvvəsi nəzərə alınmaqla optimal bitki sıxlığı (95-100 min/ha) əldə etməyə imkan verməlidir. 
Cücərmə qabiliyyəti 85 %-dən çox olan toxumla səpin aparıldıqda normal sıxlıq almaq üçün səpin norması 6-8 kq, sahələr alaqlı, herbisid isə olmadıqda səpin norması 10-12 kq/ha götürülə bilər.
Səpinin aparılma dərinliyinin normal çıxış alınmasında xüsusi rolu vardır. Şəkər çuğundurunun toxumunda ehtiyat qida maddəsinin məhdud olması və cücərmə zamanı ləpələrin səthə çıxmasını nəzərə alsaq, görərik ki, şəkər çuğunduru dərin səpinə dözümsüzlük göstərir. Torpaqda kifayət qədər nəmlik olduqda toxum 3-3,5 sm dərinliyə, yalnız yaz quraq keçdikdə yüngül mexaniki tərkibli torpaqlarda 4-5 sm dərinliyə səpilməlidir. 
Toxumların səpinə torpağın 5-7 sm-lik qatında temperatur 6-8°C-yə çatdıqda və stabil olduqda başlamaq lazımdır. Bu zaman torpaq fiziki yetişkən həddinə çatmalı, yəni yaxşı ovxalanmalı, səpin alətlərinə yapışmamalı, toxumun yaxşı cücərməsi üçün kifayər qədər nəmlik olmalıdır.
Səpin zamanı mövcud olan cərgəarası işləyən texnikanın becərmə eninə müvafiq olaraq, 60-sm-lik nöqtəvi səpin üsulundan istifadə edilməlidir. Bu cür cərgəli səpin üsulu həm suvarma, həm də cərgəarası becərmə üşün əlverişlidir. 
Əkinlərə qulluq. Əkinlərə qulluq etməkdə məqsəd tez və dolğun çıxış almaq, şəkər çuğundurunun vegetasuya müddətində böyüməsi və inkişafı üşün əlverişli şərait yaratmaq, hektarda optimal bitki sıxlığı əldə etmək, torpaqda nəmliyi saxlamaq, alaq otlarını məhv etmək və cərgə aralarını yumşaq vəziyyətdə saxlamaqdan ibarətdir. Qulluq işlərinə cərgə aralarının becərilməsi, vegetasiya suvarmaları, yemləmə gübrəsi verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri daxildir.
Cərgə aralarının becərilməsi. Şəkər çuğunduru cücərtiləri, adətən, səpindən 8-12 gün sonra, bəzən bir az da gec alınır. Bu müddət ərzində torpaq kipləşir, alaq toxumları cücərmiş olur. Əgər yağış yağarsa, qaysaq əmələ gələ bilər, bu da cücərtilərə məhvedici təsir göstərir, çıxış alınmasını ləngidir, çıxan cücərtilər zəifləmiş halda olur, qaysaq qalın olduqda isə cücərtilər torpaq səthinə çıxa bilmir və məhv olur.
Qaysağı dağıtmaq, torpağın aerasiya və temperatur rejimini yaxşılaşdırmaq, alaq cücərtilərini məhv etmək, torpaqda nəmliyi saxlamaq üçün səpin qatının 2/3-si qədər dərinlikdə rotasiya toxası vasitəsi ilə başdan-başa yumşaltma aparılır. Tam çıxış alınandan sonra 1-ci kultivasiya aparılmalıdır. Kultivatora alaqkəsici ülgüclər və ikitərəfli kəsən pəncələr, müdafiə zolağında fırlanan ulduzvarı işçi orqanlar bağlanmalıdır. Cərgəaraları 6-8 sm dərinlikdə yumşaldılmalıdır. 2-ci və sonrakı becərmələr 8-10 sm dərinlikdə aparılmalıdır. 2-ci kultivasiya seyrəltmədən sonra, sonrakı kultivasiyalar isə suvarmalarla əlaqələndirilməlidir. 
Kultivasiyanın keyfiyyəti və əhəmiyyəti kultivatorun işçi orqanlarının düzgün seçilməsindən və yerləşdirilməsindən asılıdır. Əgər sahədə alaq azdırsa, cərgə araları yalnız ensiz yumşaldıcılarla; sahə alaqlıdırsa, yastı ülgüclər və ikitərəfi kəsən pəncələr, mühafizə zolağı bərabərində kəsici disklər quraşdırılmış kultivatorla becərilməlidir. Cərgəaraları qovuşduqda, bitkiləri əzməmək üçün, kultivasiyalar müvəqqəti dayandırılır. Avqust ayında qocalmış yarpaqlar saralıb quruduğuna görə traktorun cərgəaralarında hərəkət etməsinə imkan yaranır, bu zaman ehtiyac olarsa, becərmələr bərpa olunmalıdır. Yığıma 1-2 həftə qalmış axırıncı suvarmadan sonra cərgəaraları conuncu dəfə 10-12 sm dərinlikdə sərt pəncələrlə təchiz olunmuş işçi orqanlarına malik kultivatorla yumşaldılmalıdır.
Suvarılması. Respublikanın dağətəyi və aran rayonlarının suvarılan torpaqlarında şəkər çuğundurunun becərilməsi üçün əlverişli torpaq-iqlim şəraiti vardır. Suvarmalar 2 yerə ayrılır: ehtiyat suvarmalar (arat) və vegetasiya suvarmaları. Arat payız şumundan qış şaxtaları başlamazdan qabaq, yanvar-fevral aylarında 1200-1500 kub.metr suvarma normaları ilə aparılmalıdır. Bərabər nəmlənməni təmin etmək üçün arat şırımlarla aparılmalıdır. Normal və vaxtında çıxış almaq üçün torpaqda kifayət qədər nəmlik olmazsa, səpinqabağı suvarma və ya səpsuvar aparıla bilər. 
Vegetasiya müddətində bitkinin boy və inkişafının intensiv getdiyi zaman torpağın nəmliyi vegetasiya suvarmaları ilə tənzimlənir. Şəkər çuğundurunun normal inkişaf etməsi üçün torpaqda nəmlik tarla su tutumunun 70-75 % səviyyəsində olmalıdır.
Ən yaxşı suvarma üsulu şırımlarla yerüstü suvarmalardır. Hər suvarmadan qabaq cərgə aralarında şırım açılmalıdır.
Vegetasiyanın əvvəllərində (iyulun 1-dək) bitkilər transpirasiya üçün nisbətən az su sərf etdiyindən suvarma norması az, vegetasiyanın orta dövründə (iyulun 1-dən avqustun 20-dək) isə artırılmalı, vegetasiyanın sonuna doğru isə yenidən azaldılmalıdır. Vegetasiya suvarma normaları 600-800 kub.metr olmaqla torpağın mexaniki tərkibi, qrunt suyunun səviyyəsi və illik yağıntıların miqdarından asılı olaraq 4-6 dəfə aparıla bilər. 
Suvarmalardan sonra kökümeyvədə şəkərin miqdarı müvəqqəti azalır və 10-15 gündən sona suvarmadan qabaqkı həddə çatır. Ona görə də fizioloji yetişkənliyi sürətləndirmək və şəkərin miqdarını artırmaq üçün suvarmalar yığıma 20 gün qalmış dayandırılmalıdır.
Gübrələnməsi. Şəkər çuğunduru vahid sahədən ən çox məhsul verən tarla bitkilərindən biri olmaqla çoxlu quru maddə əmələ gətirir ki, bunun da əmələ gəlməsi üçün xeyli qida maddələri tələb olunur. 
Hektardan 300 sentner kökümeyvə məhsulu və ona müvafiq yerüstü kütləsi torpaqdan təqribən 120 kq –a qədər azot, 45-55 kq fosfor və 150-170 kq kalium aparır. Respublikamızın şəkər çuğunduru əkilən torpaqlarında bu qədər mənimsənilə bilən qida maddələri olmadığı üçün gübrələmə ən mühüm vasitədir. Müəyyən edilmişdir ki, 1 sentner mineral gübrənin NPK formasında düzgün nisbəti hektardan alınan məhsulu 6,5-7 sentner artırır.
Şəkər çuğundurunun gübrələnmə sistemi elə təşkil olunmalıdır ki, qida maddələrinin əsas hissəssinin daxil olması bitkinin intensiv inkişaf dövrünə düşsün. Peyin, fosfor və kaliumun əsas hissəsi şum altına payızda və səpinqabağı becərmədə, azot isə yemləmə şəkilində vegetasiya dövründə verilməlidir. 
Respublikamızın şəkər çuğunduru yetişdidrilməsi üçün əlverişli olan boz-çəmən və boz-qəhvəyi (şabalıdı) torpaqlarda yüksək kökümeyvə məhsulu almaq üçün 1 hektara 20 ton peyin və təsiredici maddə hesabı ilə N140P150K100 kiloqram verilməlidir. Bundan P130 K80 əsas şum altına, P20 K20 səpin vaxtı cərgələrə, azotun 30 faizi səpinqabağı becərmədə, 70 faizi yemləmə gübrəsi kimi 2 dəfəyə-yarısı seyrəltmədən sonra, 3-4 cüt yarpaq fazasında 2-ci suvarmadan qabaq, qalan yarısı isə 7-8 cüt həqiqi yarpaq fazasında cərgə araları qovuşanadək verilməlidir.
Əsas qida maddələrindən başqa şəkər çuğundurunun boy və inkişafına mikroelementlər, xüsusi ilə bor, manqan və mis müsbət təsir göstərir. Təsiredici maddə hesabı ilə hektara 1,5 kq bor, 2,2-2,6 kq manqan və 4-5 ildən bir 20-25 kq mis veriləndə yaxşı nəticə alınır.

Xəstəlik və zərərvericilərə qarşı mübarizə. Şəkər çuğundurunun aqrobiologiyasında xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. 

Şəkər çuğunduru həşəratların bir çox növü tətrəfindən zədələnir ki, bu da çoxlu miqdarda məhsul itkisinə, bəzən də sahədə bitkilərin kütləvi məhvinə səbəb olur. Xəstəlik və zərərvericilərə qarşı vaxtında və keyfiyyətli aparılmış mübarizə tədbirləri məhsul itkisini 20-30 faiz və daha şox azaldır.
Mübarizə tədbirləri içərisində imkan daxilıində aqrobioloji və bioloji metodlara maksimum yer vermək, kimyəvi mübarizənin tətbiqini minimuma endirmək lazımdır ki, xeyirli həşəratlar qorunsun, pestisidlərin ətraf mühütə ziyanlı təsiri isə azalsın. Növbəli əkin sxemində şəkər çuğunduru tarlaların tutduğu sahə 25 %-dən çox olmamalıdır.
Əkin sahələrində uzunburun böcəklər, yarpaqyeyən sovkalar, mənənələr, birələr və s. müşahidə edildikdə onlara qarşı kimyəvi mübarizə məqsədi ilə karate (0,5 kq/hek, dursban 0,5 kq/hek, simbuş 0,4 kq/hek, antio 1,2-1,6 kq/hek, Bİ-58 ( 0,5-0,9 kq/hek) və desis (0,25-0,5 kq/hek) preparatlardan istifadə etmək məsləhətdir.
Perenosporioz xəstəliyinə qarşı mübarizə polixom 2,4 kq/hek, unlu şehə qarşı kolloid kükürd (4-6 kq/hek), topsin (0,6-0,8 kq/hek) və serkosporioza qarşı benomil (0,6-0,8 kq/hek) preparatlarından istifadə etmək məqsədəuyğundur.
Məhsulun yığılması. Şəkər çuğunduru becərilməsinin sonu olan məhsul yığımı tarla işlərinin ən çox əməktutumlusu və ən mürəkkəbidir. Bu prosesdə çoxlu işçi qüvvəsi və onların idarə etdiyi şəkər çuğunduru yığan konbayn, traktorlar, avtomobillər və digər texnika iştirak edir. Kütləvi məhsul yığımı payızın yağışlı günlərinə düşür ki, bu da əlavə çətinliklər yaradır.Şəkər çuğundurunun kökümeyvələri texniki yetişkənliyə çatdıqda böyüməsi və şəkərtoplanmasının intensivliyi azalır, hüceyrə şirəsi açıq rəng alır, yarpaqlar solğunlaşır, aşağı yarpaqlar saralır. Məhsulun toplanması havanın orta temperaturu 6-8° C-yə enənə qədər davam edir. Lakin heç də həmişə məhsul yığımı şəkərliliyin ən yüksək həddə çatan vaxtına düşmür. Şəkər çuğundurunun yığılma vaxtı şəkər zavodunun iş qrafikinə uyğunlaşdırılır. Zavodun çox boş dayanmaması üçün kökümeyvələr oktyabrın ortalarından başlayaraq noyabrın 1-ci ongünlüyünə qədər yığıla bılər. 
Məhsul yığımı elə təşkil edilmılidir ki, şəkər zavodunuin fasiləsiz işi mövsüm ərzində pozulmasın. Buna görə yarpaqları saralmış, az yarpaqlı sahələrin məhsulu əvvəlcə yığılır.
Şəkər çuğunduru yığan maşının sahəyə sərbəst girməsini təmin etmək üçün ilk növbədə dönmə zolağının məhsulu yığılmalıdır. Dönmə zolağı adətən 21,6 metr götürülür ki, bu da şəkər çuğunduru yığan maşının dönüb geri qayıtması üçün kifayət edir.
Itkini azltmaq məqsədi ilə kökümeyvə çıxaran maşının izi ilə 3-5 nəfər işçi hərəkət edərək, yığılmamış, yaxud torpaqda qalmış məhsulu toplamalıdır.
Şəkər çuğundurunun yığılması əsasən 3 üsulla həyata keçirilir: arası kəsilmədən axım, axım-yükünüboşaltma və hər ikisini eyni vaxtda tətbiq etməklə.
Axım metodu ən mütərəqqi və miniumum əl əməyi tələb edən üsuldur. Lakin bu zaman nəqliyyatla tam təmin olunma və hərəkət qrafikinə dəqiq əməl edilməsi tələb olunur. Bu əlaqənin pozulması texnikanın boşdayanması halları ilə nəticələnir. Bundan başqa axım üsulu ilə yığımın təşkili üçün çoxlu miqdarda avtonəqliyyat lazımdır, bu miqdar tarla ilə tədarük məntəqəsi arasındakı məsafə artdıqca çoxalır.
Şəkər çuğundurunun daşınması üçün nəqliyyat vasitələri kifayət etmədikdə, nəmli torpaqda, həmçinin ağır torpaqlarda məhsulun çirklənməsi 8-9 %-ə çatdıqda axın-yükünü boşaltma üsulu tətbiq edilir. Bu halda çıxarılan kökümeyvələrin konbayndan şəkər zavodunun qəbul məntəqəsinə daşınması ilə yanaşı məhsulun bir hissəsi sahənin kənarında 0,8-1,4 metr hündürlüyündə, 1,9-2,0 metr enində və mümkün uzunluqda tığ halında yığılır. Beləliklə, yığılan məhsulun bir hissəsi şəkər zasvodunun qəbul məntəqəsinə, bir qədər gec göndərilir. Bu üsulda avtonəqliyyat vasitələrinə tələbat axın üsulundakına nisbətən 50-60 % azalır.
Geniş tətbiq olunan digər üsulda isə, ilk əvvəl yığılmış məhsul konbayndan sahənin kənarına daşınıb tığlanır, bir müddətdən sonra transportyor vasitəsi ilə nəqliyyatlara yüklənir və şəkər zavoduna daşınır.
Şəkər çuğundurunun sahədə tığlanıb saxlanması üçün onun üzəri mütləq 15-20 sm qalınlıqda torpaq qatı ilə örtülür. Lakin yaxşı olar ki, ilk yığılan çuğundur partiyaları təcili şəkər zavoduna göndərilsin. Yalnız noyabr ayında yağıntılı havalarda yığılan şəkər çuğundurunu açıq tığlarda saxlamaq olar. Tığların torpaqla örtülərək tarlada saxlanması, nəqliyyat çatışmazlığı ilə bağlı məcburi tədbirdir. Burada başlıca məqsəd saxlanma zamanı kütlə və şəkər itkisini azaltmaqdan ibarətdir. Şəkər çuğundurunun yığımdan emala qədər müddəti Azərbaycan şəraitində 100-120 gündən çox olmamalıdır.
Ümumiyyətlə, şəkər çuğundurunun hansı üsulla yığılmasından asılı olmayaraq məhsul təmiz olmalı, yığan maşın elə nizamlanmalıdır ki, çuğundurun üzərində yarpaqların miqdarı onun ümumi kütləsinin 3 %-dən çox olmasın.
Şəkər çuğundurunun toxumçuluğu. Şəkər çuğunduru əkən fermer təsərrüfatlarını yüksək sort xüsusiyyətlərinə və cücərmə qabiliyyətinə malik, birtoxumlu toxumlarla təmin etmək elmi-tədqiqat institutlarının və təcrübə stansiyalarının başlıca vəzifələrindən olmalıdır.
Toxumluq çuğundur növbəli əkində ən yaxşı sələfdən sonra həm də ən münbit və alaqsız yerlərə əkilməlidir. 
Bitkinin bioloji xüsusiyyətlərindən asılı olaraq onun toxumçuluğu aşağıdakı sxemlə aparılır:
-ana əkini üçün elit toxumlar, texniki məqsədlər üçün isə birinci reproduksiyalı toxumlar istifadə olunur.
-elit və superelit toxumları sort müəlliflərinin iştirakı ilə daima seçmə aparılmaqla elmi-tədqiqat müəssisələrində istehsal olunur.
Sənaye əhəmiyyətli sonrakı reproduksiyalı toxumlar isə 2 üsulla istehsal olunur:
-birinci üsulda birinci il yetişdirilən kökümeyvə payızda torpaqdan çıxarılır və bütün qışı xüsusi xəndəkdə üstünü nazik torpaq qatı ilə örtməklə saxlayır, növbəti ilin yazında yenidən tarlaya basdırmaqla yetişdirilərək toxum alınır (qışı sərt keçən bölgələr üçün)
-ikinci üsulun mahiyyəti ondadır ki, yayın 2-ci yarısında, əsasən, avqust ayında səpilmiş toxumdan əmələ gəlmiş kökmeyvə payızda torpaqdan çıxarılmayıb, qışlamaq üçün saxlanılır. Yazda kökmeyvə inkişafa başlayır və çiçəkdaşıyan gövdə əmələ gətirir, onun üzərində toxum yetişir (qışı mülayim keçən bölgələr üçün)
Toxumluq çuğundurun yetişdirilməsi zamanı tətbiq olunan aqrobioloji tədbirlər texniki çuğundurdakına oxşayır. Bununla belə, toxumluq çuğundurun yetiçdirilməsində əsas məqsəd təkcə yüksək məhsul almaq deyil, həmçinin sortun xüsusiyyətlərinin saxlanması və yaxşılaşdırılmasıdır.
Şəkər çuğunduru torpaqdan çıxarılmadan qışda əkildiyi torpaqda saxlanmaqla toxum almaq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 20 ildən çox müddətdə apardığı təcrübələrdə öyrənilmiş və yaxşı nəticələr alınmışdır.
Müəyyən edilmişdir ki, ikinci üsulla toxum aldıqda ana bitkilər tarla şəraitində 100 faiz qışlayır, hektardan 25 sentnerə qədər yüksək keyfiyyətli toxum verir. Bu üsulla toxum almaq üçün payızlıq buğda, dənli-paxlalı bitkilər, silosluq qarğıdalıdan sonra sahədə (iyul ayında) keyfiyyətli şum qaldırılmalı, torpaq yaxşı gübrələnməli və çuğundur səpininə az qalmış sahə arat edilməlidir.
Alaq toxumları və taxılın yerə tökülmüş dəni kütləvi cücərdikdə sahə çizel kultivatoru və ya yastı kəsən pəncəli kultivatorla 10-12 sm dərinlikdə becərilməli, səpinqabağı isə malalanmalıdır.
Səpinə avqust ayının ikinci yarısından başlamalı və sentyabrın birinci yarısına qədər başa çatdırılmalıdır. Toxumluq çuğundur cərgəarası 60 sm olmaqla nöqtəvi üsul ilə hər paqon metrə 25-30 ədəd və ya hektara 12-15 kq normasında toxum səpilməlidir. Yay səpini zamanı çox da iri olmayan kökümeyvələr qışı normal keçirir və yüksək toxum məhsulu verir (25-30 s/ha).
Payızda əkinə kultivasiya çəkilməli, alaqlardan təmizlənməli, qışa qədər bir dəfə suvarılmalıdır. Cərgəaralarındakı torpaqları daim yumşaq və nəmli saxlamaq üçün suvarmalardan sonra kultivasiya edilib yumşaldılmalıdır. Toxumluq çuğundur vegetasiya ərzində 4-6 dəfə, hektara 500-700 kub metr suvarma norması ilə suvarılır.
Payızda torpaqda əmələ gəlmiş ana köklər çıxarılmır və sahədə qışlayır.
Birinci ildə bütün aqrotexniki tədbirlər kökün əmələ gəlməsi, onun tərkibində şəkərin və quru maddənin toplanmasına yönəldilir. Nəticədə meyvəköklərin qışlamaya və aşağı tempratura qarşı davamlılığı artır. Ona görə də birinci ildə əkinlərə azot gübrəsinin norması iki dəfə azaldılır, kalium-fosfor gübrəsinin norması isə artirılır.
Vegetasiya becərmələri zamanı əsas tədbirlərdən biri də ucvurma və çiçəkləmənin başlanğıcında və ya kütləvi çiçəkləmə zamanı əsas gövdə üzərində əmələ gələn biclərin 2-3 sm uzunluğunda kəsilməsidir. Ucların və biclərin kəsilməsi əsas gövdənin uzanmasını dayandırır, bu da toxumun miqdarına və keyfiyyətinə müsbət təsir göstərərək məhsuldarlığı 4 sentnerə qədər artırır.
Toxumluq çuğundurun fərqli xüsusiyyətlərindən biri toxumun eyni bitki üzərində və ya bütün tarlada müxtəlif vaxtlarda yetişməsidir. Ona görə də yığıma başlamaq üçün bütün toxumların tam yetişməsini gözləmək lazım deyil. Toxumun yığımına süpürgənin əsas hissəsində meyvəyanlığının 30-40 faizinin qonur rəng alanda başlamaq lazımdır.
Əl ilə yığım zamanı bitkilər 15-20 sm hüdürlükdə kəsilərək cərgənin üzərinə sərilir və 4-5 gündən sonra taxılyığan konbaynla döyülür.
Döyülmüş toxum kütləsi asfalt və ya beton döşəmədə 20-25 sm qalınlığında lay şəkilində yığılmalı, 1-2 gün qurudulmalı, gün ərzində taxta kürəklə 1-2 dəfə çevrilməlidir. Nəmliyi 14 faizdə çox olmayan toxum kütləsi toxumtəmizləyən maşınla təmizlənir. Təmizlənmiş toxumlar kisələrə doldurulmalı, quru və havalanması normal olan anbarlarda saxlanılmalıdır.
Sonda qeyd etmək lazımdır ki, toxumluq çuğundurun əkin sahələri kifayət qədər qida maddələri və nəmliklə təmin olunduğu halda 2-3 il ərzində eyni sahədən ildə 2 dəfə (iyun və noyabr aylarında) toxum yığmaq mümkündür. Toxumun yetişdiyi birinci ildə onun məhsulu və yerüstü hissəsi yığılır, kökümeyvə isə torpaqda qalır. Onlar inkişafını davam etdirir, generativ budaqlar əmələ gəlir və toxum yetişir. İkinci məhsul yığıldıqdan sonra kökümeyvə torpaqda qalır, qışlamadan sonra növbəti ildə daha 2 dəfə məhsul verir.