Maarifləndirmə

Kökün becərilməsi

Kökün becərilməsi

Yerkökü yarımqumsal torpaqda yaxşı bitir.

Torpağın əkinə hazırlanması. Hektara 10-15 t çürümüş peyin, 300-400 kq ikiqat super fosfat, 200-300 kq kalium gübrəsi (hansı olsa) verildikdən sonra səpindən 15-20 gün əvvəl 25-27 sm dərinlikdə şumlanır. Səpindən 3-5 gün əvvəl malalanır, kəltənlər diqqətlə xırdalanır, səthi düzəldilir. Torpaq çox qumsal və axıcı olsa vərdənə ilə yüngülcə kipləşdirilir.

Toxumun səpinə hazırlanması. Yerkökü toxumu çox xırdadır və ləng bitir. Əlverişli şəraiti olanda səpindən 15 gün sonra cücərtilər görünməyə başlayır. Yüksək məhsul almaq üçün toxumun keyfiyyət və düzgün hazırlanması böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl iri və xırda toxumları bir-birindən ayırmaq lazımdır. Sonra onlar 20 dəqiqə müddətində 48-500 C-lik suda soyudulur. Yerkökü toxumu gec şişir, ona görə də əkəndən sonra torpağın nəmliyi kifayət qədər təmin olunmalıdır. Bir çox tərəvəzçilər yerkökü toxumuna ondan tez cücərən turp toxumu əlavə edirlər.

Cələf bitkiləri. Kökümeyvəlilər yazda faraş əkilmiş pomidor, xiyar, payızda səpilmiş soğan, səbzə bitkilərdən azad olmuş səthi düz sahələrdə səpilməlidir.
Əkin sxemi. Cərgələr arası məsafə 20 sm, bitkilər arasındakı məsafə isə 3-4 sm olmalıdır. Toxum 2-3 sm dərinliyinə səpilir.
Kökün bir hektara səpin norması 5-7 kq-dır.

Səpin. Bu bitkilər SON-2,8 A və SO-4,2 maşınları ilə səpilir. Maşınlar olmasa bu bitkilərin toxumunu əllə də səpmək olar. Bu halda onları dağınıq üsulla səpirlər. Ancaq bu zaman toxumun səpin norması 20%-dək artıq götürülür.

Əkinə qulluq. Cərgələr arasını yumşaltmaqdan, cücərtiləri seyrəltməkdən, alaq bitkilərini məhv etməkdən, yemləmə gübrəsi verməkdən və suvarmadan ibarətdir. İlk seyrəltmə bitkinin 4-5 əsl yarpağı olanda, ikinci seyrəltmə kökmeyvə barmaq yoğunluğuna çatdıqda aparılır və şitillərin arasında 4-6 sm məsafə saxlanılır. Eyni zamanda torpaq yumşaldılır, turp yığılır.

Gübrələnməsi. Zəif inkişaf edən bitkilər quş zığı məhlulu (1:10 və ya 1:15 nisbətində), peyin horrası (1:5) ilə yemləndirilir. Birnci yemləmə bitkinin əsas 3-4 yarpağı əmələ gəldikdən sonra aparılır və ona azot gübrəsi verilir. Ikinci yemləmə zamanı fosfor və kalium gübrələri (10 kvadrat metrə müvafiq surətdə 50 və 30 qram) verilir.

Suvarma. Yerkökü quraqlığa nisbətən davamlı bitkidir, ancaq bununla belə, yüksək məhsul almağın şərti torpaqda kifayət qədər nəmliyin olmasıdır. Suvarmanı axşam üstü aparmaq məsləhət görülür. 5-7 dəfə suvarılır.

Yığım. Tədricən satmaq üçün iri kök meyvəsi olan bitkilər seçilib yığılır, xırdalar böyüməyə buraxılır və təkrarən 2-3 dəfə seçilir, axırda hamısı yığılır, yarpağı və kökü kəsilir, məhsul realizə edilir və ya anbara yığılır.