Tədbirlər

DATŞ rəhbərliyi Polşada “Azərbaycan Ticarət Evi”nin açılış mərasimində iştirak edib

10 / 12 / 2018
DATŞ rəhbərliyi Polşada “Azərbaycan Ticarət Evi”nin açılış mərasimində iştirak edib

Ötən həftə Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova da açılış mərasimində iştirak edib.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova sərgi zamanı qonaqlara Şirkətin fəaliyyəti, Azərbaycan istehsalı kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində görülən işlər, eləcə də “Kənddən Şəhərə” layihəsi barədə ətraflı məlumat verib.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Dövlət Aqrar Ticarət Şirkətinin stendində, kənd təsərrüfatı məhsulları, o cümlədən qablaşdırılmış “Kənddən Şəhərə” məhsulları və s. nümayiş olunur. Qeyd edək ki, “Kənddən Şəhərə” məhsulları kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların vahid ad altında qablaşdırılaraq satışının həyata keçirilməsindən ibarət bir layihədir.