Tədbirlər

“Kənddən Şəhərə” yarmarkasinda vətəndaşlar təbii və keyfiyyətli məhsul əldə edəcəklər

20 / 12 / 2018
“Kənddən Şəhərə” yarmarkasinda vətəndaşlar təbii və keyfiyyətli məhsul əldə edəcəklər

“Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar olaraq Nizami küçəsi 154 (Landmark biznes mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Dekabrın 21-dən etibarən 10 gün ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

“Kənddən Şəhərə” layihəsi və keçiriləcək yarmarkanın təşkilati işləri ilə bağlı bu gün Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Şirkət direktoru yarmarkanın hazırlıq işləri, fermerlərin qeydiyyat prosesi və “Kənddən Şəhərə” layihəsi barədə media nümayəndələrinə məlumat verib. O bildirib ki, yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

İstilik sistemi ilə təchiz olunan yarmarkada iştirakçıların xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcəyini deyən Leyla Məmmədova məhsulların qida təhlükəsizliyi standartlarına cavab verəcəyini də bildirib: “Müasir yarmarka konsepsiyası üzərində qurulan “Kənddən Şəhərə” yarmarkasında qida təhlükəsizliyi məsələləri də nəzərə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərir. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılır. Məhsulların qiymət formalaşmasında isə hər hansı formada iştirak etmirik, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılır, maarifləndirici işlər görülür. Yarmarkada 110 fermer iştirak edəcək. Bundan başqa, 33 arıçının məhsulları da yarmarkada satışa çıxaracaq”.

L. Məmmədova “Kənddən Şəhərə” layihəsi barədə də danışıb və Bakıda bu marka altında ilk mağazanın gələn həftə açılacağını deyib: "Mağazada həm xammal, həm də emal olunmuş formada yerl qida məhsullarının satışı həyata keçiriləcək". 

Dekabrın 30-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və s. ala biləcəklər.