Xəbərlər

Bakida Novruz Yarmarkalari davam edir

09 / 03 / 2019
Bakida Novruz Yarmarkalari davam edir

Bakıda Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı yarmarkaları davam edir. Paytaxtın 14 ünvanında keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar əhaliyə ucuz qiymətə əhaliyə təklif olunur. Bakı şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti strukturları və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalar üçün müasir standartlara uyğun qapalı məkanlar ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri gün ərzində paytaxtda təşkil olunan yarmarkalara baş çəkib, yaradılan şəraitlə maraqlanıblar. Nazirliyin Aparat rəhbəri Aqil Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır”.

Aqil Quliyev əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyası binasının qarşısındakı parkda yerləşən yarmarka martın 21-dək alıcıların ixtiyarında olacaq. Paytaxtdakı digər satış yarmarkaları isə həftə sonu, həmçinin 16-21 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçirilir. 

Binəqədi rayonu

7-ci mikrorayon, Kunanbayev küçəsi

 

Xətai rayonu

Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi

 

Qaradağ rayonu

Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı

 

Nəsimi rayonu

3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a

 

Nərimanov rayonu

Fətəli xan Xoyski küçəsi, Qələbə meydanı

 

Pirallahı rayonu

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyekti

 

Sabunçu rayonu

Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 72

 

Suraxanı rayonu

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsi, "Günəş" ticarət mərkəzi

 

Xəzər rayonu

Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, döngə 2

 

Yasamal rayonu

Hüseyn Cavid prospekti, AMEA-nın qarşısındakı park

 

Nizami rayonu

       1.Cəmşid Naxçıvanski küçəsi, 74, 8-ci kilometr yarmarkası
       2.Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, "Orbita" ticarət mərkəzinin avtomobil dayanacağı

Səbail rayonu

       1.Seyran Məmmədov küçəsi, 6
       2.Nizami küçəsi, 154, "Landmark" mehmanxanasının yanı