Tədbirlər

Dövlət Aqrar Ticarət Şirkəti “Caspian Agro” beynəlxalq sərgisində iştirak edib

17 / 05 / 2019
Dövlət Aqrar Ticarət Şirkəti “Caspian Agro” beynəlxalq sərgisində iştirak edib

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya, 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri keçirilib.

Qeyd edək ki, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edib.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin layihələrindən biri olan kiçik və orta fermer təsərrüfatlarında istehsal edilən məhsulların qablaşdırılması və “Kənddən Şəhərə” layihəsi sərgilənib.

Qablaşdırılmış məhsullar arasında Zaqatala fermerlərinin istehsalı olan çay, Naxçıvan quru meyvələri, Lənkəran fermerlərinin istehsalı olan Haşimi düyüsü, Cəlilabad fermerlərinin istehsalı olan noxud, 11 müxtəlif rayondan 15 arıçının istehsal etdiyi bal sərgi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.  

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub. Prezident cənab İlham Əliyevə “Kənddən Şəhərə” məhsulları da təqdim edilib.

Sərginin ikinci günündə Baş Nazir Novruz Məmmədov və İqtisadiyyat Naziri Şahin Mustafayev Bakı Ekspo Mərkəzində olub və “Kənddən Şəhərə” stendində kiçik və orta fermer təsərrüfatlarında istehsal edilən məhsullarla tanış olublar.