Tədbirlər

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub

23 / 05 / 2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dad Planeti” qastronomiya tədbiri keçirilib.

Tədbirdə Fransada akkreditə olmuş 15 ölkənin səfirliyi qastronomiyalarını təqdim ediblər.

Səfir Rəhman Mustafayev tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, kənd təsərrüfatı və milli qastronomiya sahələri hər bir millətin mədəniyyətinin təcəssümüdür. Kənd təsərrüfatının iqtisadiyyatımızın şaxələndirilməsi strategiyasının prioritet sektorlarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz tarixən müxtəlif dinləri və mədəniyyətləri özündə birləşməsi ilə fərqlənmişdir. Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən söz açıb.

Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək “Dad Planeti”nin əhəmiyyətinə toxunub, onun dostluq, sülh və həmrəylik mesajlarını təşviq etdiyini bildirib. Tədbirin diplomatlar tərəfindən təşkil edilməsini təqdir edərək, fransız aşpazı Oqust Eskofyenin “mətbəx sənəti diplomatiyanın bəlkə də ən yararlı formasıdır” maksimini xatırladıb. O, Azərbaycanın zəngin mətbəxi haqqında məlumat verərək, dolma və lavaş hazırlama və paylaşma ənənəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edildiyini vurğulayıb.

Fransa Kənd Təsərrüfat Nazirliyinin nümayəndəsi və Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının sədri çıxış edərək bu qastronomiya tədbirinin əhəmiyyətinə toxunublar.

Tədbirdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarını, milli təamlarımızı təqdim ediblər. Kiçik və orta şirkətlərin istehsal etdiyi mürəbbələr, meyvə quruları və şirələri, şərablar, çay, paxlava, şəkərbura, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş yarpaq dolması, səbzili plov, pomidor dadına və keyfiyyətinə görə tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın kənd təsərrüfat məhsullarının yüksək səviyyədə qablaşdırılması da rəğbətlə qarşılanıb.