Tədbirlər

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar görüş keçirilib

07 / 06 / 2019
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar görüş keçirilib

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilib. Bu il ilk dəfə keçirilən "Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün "Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

Ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilən Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətində görüş keçirilib.

Görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, eləcə də DATŞ-ın “Kənddən Şəhərə” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi qida istehsalçıları iştirak edib.

Şirkətin nümayəndəsi Röyal Şirinov görüş iştirakçılarını salamlayaraq bu günün əhəmiyyətindən danışıb, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumların qida təhlükəsizliyi mövzusunda fermer və qida istehsalçıları arasında mütəmadi olaraq maarifləndirmə işini həyata keçirdiyini bildirib. 29 aprel 2019-cu il tarixində isə ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiqləndiyini xatırladan Röyal Şirinov hər bir qida istehsalçısını bu istiqamətdə fəal olmağa çağırıb.

Daha sonra Şirkətin nümayəndəsi Vahid Məmmədov “Qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.

Görüş iştirakçıları qida təhlükəsizliyinə daha çox diqqət ayrılması üçün xüsusi günün təsis edilməsi və qeyd edilməsini gələcək nəsillərin sağlamlığı və genofondun qorunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir hadisə kimi qiymətləndiriblər.