Tədbirlər

“Kənddən Şəhərə” məhsulları Yevlaxda keçirilən regional konfransda nümayiş etdirilib

12 / 06 / 2019
“Kənddən Şəhərə” məhsulları Yevlaxda keçirilən regional konfransda nümayiş etdirilib

İyunun 12-də Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd bu sahələrdə mövcud vəziyyət, dövlət dəstək mexanizmləri, tətbiq olunan müasir texnologiyaların səmərəliliyi, istehsalçılar, emalçılar və təchizatçılar arasında dəyər zənciri üzrə işgüzar münasibətlərin genişləndirilməsi, eləcə də bu sahənin gələcək inkişaf istiqamətləri üzrə müzakirələrin aparılması və sahibkarların maarifləndirilməsi idi.

Aidiyyəti dövlət qurumlarının, sahibkar birliklərinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirak etdiyi konfrans çərçivəsində heyvandarlıq sahəsində tətbiq olunan qabaqcıl texnika, dərman preparatları, heyvandarlıq komplekslərinin tikintisində istifadə olunan avadanlıqlar nümayış olunub, ət, süd və arıçılıq məhsullarının sərgisi keçirilib.

Sərgidə Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” sosial layihəsi çərçivəsində qablaşdırılmış kənd təsərrüfatı məhsulları da nümayiş etdirilib. 

Məlumat üçün bildirək ki, "Kənddən Şəhərə layihəsi çərçivəsində bu günə qədər Lənkəran fermerlərinin istehsal etdiyi "Haşimi" düyüsü, Cəlilabad fermerlərinin istehsal etdiyi noxud, 11 bölgədən fermerlərdən toplanmış 15 növ bal, meyvə quruları, Zaqatala fermerlərinin istehsal etdiyi çay qablaşdırılaraq satışa çıxarılıb. Məhsulları Bakı şəhəri, Nizami küçəsi 154B ünvanında fəaliyyət göstərən ilk yerli fermer və qida istehsalçılarının məhsullarının satıldığı "Kənddən Şəhərə" satış mərkəzindən, eləcə də paytaxtın market şəbəkələrindən əldə etmək mümkündür.