Tədbirlər

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

14 / 06 / 2019
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

Bakıda Azərbaycan–Avropa İttifaqı (Aİ) 5-ci biznes forumu keçirilib. Forumda biznes mühiti, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və turizmə dair 4 panel müzakirələri aparılıb.

Kənd təsərrüfatına dair paneldə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və aidiyyəti şirkət nümayəndələri aqrar sahənin qeyri-neft sektorunun mühüm istiqamətlərindən olduğunu, bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edib, aqrar sektorda görülən işlər və həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və onların nəticələri barədə məlumat veriblər.

Bildirilib ki, ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan və Aİ arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova çıxışı zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə də forum iştirakçılarına məlumat verib.

Panel iclaslarda aidiyyəti sahələr üzrə Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.