Tədbirlər

Azərbaycanda ilk dəfə olaraq Orqanik Qida Festivalı təşkil olunub

21 / 06 / 2019
Azərbaycanda ilk dəfə olaraq Orqanik Qida Festivalı təşkil olunub

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Proaktiv Şirkətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Dənizkənarı Milli Parkda Orqanik Qida Festivalı (Organic Food Festival) keçirilir.

Festivalın keçirilməsində əsas məqsəd “Staretji Yol Xəritəsi”ndə göstərildiyi kimi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal olunması və istehlakçılara çatdırılması, həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.

Festivalın açılış mərasimində çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin aparat rəhbəri Şamil Süleymanlı, Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavini Sərxan Sərxanov, “ABAD”ın direktoru Rüfət Elçiyev və digər çıxışçılar bildiriblər ki, Azərbaycanda orqanik qida festivalının keçirilməsi çox mühüm bir addımdır.

Bildirilib ki, bu gün dünyada mövcud olan bir tendensiya var, zaman-zaman istehsalçılar məhsuldarlığı artırmaq üçün qida məhsullarının istehsalı üçün müddəti qısaltmaq üçün bir çox kimyəvi qatqılardan, sintetik maddələrdən istifadə ediblər. Hazırda isə dünyada orqanik qida istehsalının həcmi 80 milyard dollara yaxındır. Bu sahədə ilk yerləri ABŞ və Avropa İttifaqı ölkələri tutur. Hal-hazırda dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı məhsulları istehsal edilir və  85 ölkədə  orqanik (orqanik, üzvi) kənd təsərrüfatı haqqında milli qanun qəbul edilib. Azərbaycanda isə 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” xüsusi qanun qəbul edilib.

Sonda festivalda iştirak edən tərəfdaşlara mükafatlar təqdim olunub.

Qeyd edək ki, festivalda 50-ə yaxın istehsalçı şirkət və fiziki şəxsin 150-dək məhsul və xidmətləri təqdim olunur. Festival iyunun 23-dək davam edəcək.