Tədbirlər

AFAQ layihəsi Qadın sahibkarlığının inkişafına həsr olunmuş beynəlxalq forumda təqdim edilib

21 / 06 / 2019
AFAQ layihəsi Qadın sahibkarlığının inkişafına həsr olunmuş beynəlxalq forumda təqdim edilib

Bakıda “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan Forumda “Kənd ərazilərində sahibkarlığın inkişafı üçün şəraitin yaradılması” adlı plenar sessiya da keçirilib. Sessiyada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti adından Hüquq Departamentinin direktoru Toğrul Quluzadə çıxış edib və Şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.

O bildirib ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin inkişafına nail olmaq, onlar üçün yeni satış kanalları yaratmaqdır.

“Şirkətimiz bu istiqamətdə “Kənddən Şəhərə” adlı layihə həyata keçirir. Bu layihə çərçivəsində fermerlərin yetişdirdikləri məhsulların qablaşdırılması və “Kənddən Şəhərə” brendi altında həm ölkə daxilində, həm də xaricində satışı və təbliği təşkil olunur.”

Ölkəmizdə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında gender bərabərliyinin qorunması və qadınların sayının artırılması məqsədilə start verilən AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi barədə danışan Toğrul Quluzadə bu istiqamətdə davamlı maarifləndirmə işlərinin vacibliyini bildirib.

“Qadın sahibkarlar və fermerlərin sayının daha da artırılması, qadınların biznes həyatına daha aktiv qoşulmasına nail olmaq AFAQ layihəsinin əsas hədəflərindən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyilə həyata keçirilən bu layihə çərçivəsində qadın sahibkarlar üçün davamlı maarifləndirmə işləri həyata keçiriləcək, onlar üçün yeni biznes imkanları yaradılacaq.”