Tədbirlər

DATŞ direktoru Leyla Məmmədova İsveçrə-Azərbaycan Biznes Forumunda iştirak edib

28 / 06 / 2019
DATŞ direktoru Leyla Məmmədova İsveçrə-Azərbaycan Biznes Forumunda iştirak edib

İsveçrə Konfederasiyasının Sürix şəhərində İsveçrə-Azərbaycan Biznes Forumu keçirilib. “Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova, İsveçrə-Azərbaycan Ortaq Ticarət Palatasının (JCC) prezidenti Marcel Pavlicek, İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Avropa Müdafiə Agentliyinin (EDA) nümayəndələri çıxış ediblər.

Biznes Forumda iştirak edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova "Aqrobiznes / Azərbaycanın Kənd Təsərrüfatı, Qida İstehsalı və Qablaşdırma sektorunda imkanların tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Leyla Məmmədova rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə də forum iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyət istiqaməti yerli fermer və qida istehsalçılarının məhsullarının daxili və xarici bazarda satışına dəstək göstərmək, ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir.

“Azərbaycanla İsveçrə arasında əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan bugünkü biznes forumun əhəmiyyəti böyükdür. Ölkələrimiz arasında yüksək səviyyəli ikitərəfli əlaqələr mövcuddur və bu əlaqələr günü-gündən inkişaf edir. Dövlət Aqrar Ticarət Şirkəti olaraq biz də ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəmizi vermək niyyətindəyik. Azərbaycan istehsalı olan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının İsveçrəyə ixracının artırılması istiqamətində Forum iştirakçılarının da dəstək göstərəcəklərinə inanırıq”, - deyə Leyla Məmmədova bildirib.

Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznes İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı təqdimatla çıxış ediblər.

Qeyd edək ki, İsveçrə-Azərbaycan Biznes Forumu İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.