Xəbərlər

DATŞ nümayəndələri Gürcüstanda səfərdə olub

04 / 07 / 2019
DATŞ nümayəndələri Gürcüstanda səfərdə olub

Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavini Sərxan Sərxanov və direktorun müşaviri Rəşad Kərimov qonşu Gürcüstan Respublikasında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Gürcüstana və buradan tranzit olaraq Avropa bazarına ixracı üçün mövcud imkanların araşdırılması, yeni əməkdaşlıqların qurulmasıdır.

Səfər çərçivəsində Gürcüstanın Marneuli şəhərinin meri Zaur Darğallı ilə görüşən DATŞ rəsmiləri burada fəaliyyət göstərən konserv zavodunu ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Görüş zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsində fəaliyyət göstərən emal müəssisələrində Azərbaycan kənd təsərrüfatı məhsullarının qablaşdırılaraq Gürcüstan və Avropa bazarlarına çıxarılması, Azərbaycan və Gürcüstan kənd təsərrüfatı məhsulları istehsalçıları arasında birgə əməkdaşlıq, bu əməkdaşlıq nəticəsində birgə istehsal, satış və ixracın təşkili perspektivləri müzakirə edilib.

Məlumat üçün bildirək ki, Dövlət Aqrar Ticarət Şirkəti 8 iyun 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların satışına dəstək göstərmək, onlar üçün yeni satış kanalları yaratmaq, həmçinin kənd təsərrüfatı və yerli istehsal ərzaq məhsullarının ixracına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, hal-hazırda Dövlət Aqrar Ticarət Şirkəti Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.